GİZLİ DETALLAR| İran “Su-35”ləri nüvə başlıqları daşıya bilmə imkanlarına görə alıb?

2025/01/1738229190.jpg
Oxunub: 1079     13:25     30 Yanvar 2025    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Şadman bildirib ki, İran Rusiyadan “Su-35” çoxməqsədli döyüş təyyarələri alıb. Kremlin sözçüsü Dmitri Peskov bu barədə sualı şərhsiz qoyub. Bu Rusiya-İran sövdələşməsi ilə bağlı məlumatlar vaxtaşırı dərc olunur, lakin hər iki tərəf bunu rəsmən təsdiqləməkdən çəkinir.

Səbəb sövdələşmənin tam razılaşdırılmamasıdır, yoxsa başqa nüanslar var? İran və Rusiya hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar, bu sazişdə də təbii ki, təfərrüatlara varmadan sıx hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsindən danışılır. “Su-35”lərlə bağlı məsələ, görünür, sadəcə, hərbi-texniki əməkdaşlıq məsələsi deyil və görünür, sirr burada gizlənib.

“Su-35” çoxməqsədli döyüş təyyarələri, həmçinin nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir. İranın bu təyyarələri almaqda maraqlı olmasının səbəbi bu deyilmi? İran, əlbəttə ki, nəinki rəsmi olaraq nüvə silahına malik deyil, həm də hərbi doktrinası dini səbəblər də daxil olmaqla, bu cür silahlara sahib olmağı qadağan edir. Amma İran son nəticədə imperiya tarixi olan bir dövlətdir.

Sual yaranır ki, əgər bu dövlətin ekzistensial çağırışları çoxdan nüvə çağırışlarıdırsa və İran imkana sahibdirsə, Tehran praktiki olaraq bu çağırışlara adekvat cavab vermək üçün vasitələrə sahib olmaqdan çəkinərdimi? İranın çoxdan bu qabiliyyətə malik olması hətta ABŞ dövlət katibi və Birləşmiş Ştatlar nkəşfiyyatı tərəfindən də qeyd olunub. Bu imkanlara sahib olan Tehranın bunu bəyan etməyə, öz nüvə statusunu rəsmiləşdirməyə biləcəyi başqa məsələdir.

Nəhayət, bəlkə də əsas məsələ bu deyil, cavab zərbəsi imkanıdır. Bu barədə lazımi subyektlər, təbii ki, hətta ictimai bəyanatlar olmadan da məlumatlandırıla və ya xəbərdar edilə bilər. Eyni zamanda, nüvə döyüş başlıqlarına sahib olmaq bir şey, onları daşımaq, belə demək mümkündürsə, hədəfə çatdırmaq imkanlarına malik olmaq başqa şeydir. Burada “Su-35”lər məhz bu şəkildə nəzərdən keçirilə bilər.

Ona görə də bunlarla bağlı Rusiya-İran sövdələşməsinin “taleyi” diqqətəlayiqdir. Çünki bu, şübhəsiz ki, böyük regional dəyişikliklərin əlavə göstəricisi olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Su-35   Nüvə-silahı  


Bizi "telegram"da izləyin